Övladlarımızı anlayaq
Uşaqlar həyatlarının ilk günlərindən
etibarən öyrənmə tuneli ilə irəliləyirlər. Biz unutmamalıyıq ki, bu dövrdə
onlar bir sıra səhvlər edə bilərlər və bu normaldır. Amma uşağın etdiyi səhvləri
görməzdən gəlməməliyik.
Əgər uşağın etdiyi səhvləri ona münasib dillə bildirməsək uşaqda bu səhv hərəkətlər toplanacaq. Valideynlər qızıl ortanı tapmalıdırlar. Nə çox disiplin tətbiq etməli, nə də həddindən çox yumşaq olmamalıdırlar. Uşaqlarda tez-tez rast gəldiyimiz mənfi hallar bunlardır:
• Hər şeyə etiraz etmək. Xüsusilə ana-ataya qarşı etirazdan söhbət gedə bilər. Belə ki, bu cür uşaqlar valideynin nə dediyinin fərqinə varmadan (yaxşı və ya pis) etiraz edirlər. Onlar tez hirslənirlər. Bu hal uşağın qayğılı olmasına işarədir. Bu vəziyyətə bir neçə hal səbəb ola bilər. Bacı və ya qardaş qısqanclığı, uşağa lazımi qədər vaxt ayrılmaması, ailədəki ikinci uşağın ön plana çəkilməsi və s. Uşağı bu cür davranmağa məcbur edən səbəb tapılmalı və aradan qaldırılmalıdır.
• Özünə qapanma. İnsan psixo-sosial varlıqdır. Uşaqlar ilk olaraq ailə üzvləri sonra digər insanlarla ünsiyyət qurur və beləliklə öz sosial əhatəsini genişləndirir. Amma bəzi uşaqlar var ki, onlar başqaları ilə ünsiyyət qura bilmirlər, ətraf mühitə asanlıqla adaptə olmurlar. Bu cür övladları olan valideynlər uşaqları ilə çox vaxt keçirməli, onları dinləməli, hər hadisəyə uşağın münasibətini öyrənməli, teatrlara çox aparmalıdırlar. Bundan başqa bu vəziyyət bəzi psixoloji problemləri olan uşaqlarda da görünür.
• Həddindən artıq hərəkətlilik. Bəzi uşaqlar var ki, onlar sanki bir yerdə dura bilmirlər. Zamanın və məkanın onlar üçün fərqi yoxdur. Bu uşaqları idman fəaliyyətlərinə yönləndirmək çox faydalı olar.
Uşağın özünə inamını artırmaq üçün nə etməliyik?
1. Uşağınıza tez-tez onun edə biləcəyi işləri tapşırın.
2. Ondan tez-tez özünü necə hiss etdiyini soruşun.
3. Onun yaxşı tərəflərini ön plana çəkin və tərifləyin.
4. Səhv hərəkətləri haqqında danışın amma, onu ittiham etməyin.
5. Onu sevdiyinizi tez-tez söyləyin.
6. Balaca olmasına baxmayaraq siz özünüzü ona ifadə edin ki, o da bu metodu sizdən öyrənib tətbiq etsin.
Unutmayaq ki, bu günün uşaqları gələcəyin gəncləri, valideynləri, nənə-babalarıdır."Memoria” Uşaq Bərpa Mərkəzinin
psixoloquKəmalə Əliyeva.