Şir balaları və kirpi

- Mənim balaca balalarım! Mən indi yemək axtarmağa gedirəm. Amma, siz qətiyyən evdən çıxmayın. Bir az böyüyəndə, sizi də özümlə meşəyə aparacağam.
Ana şir balalarını öpüb, evdən çıxır. Bala şirlər isə birlikdə oynayırlar. Bir az oynadıqdan sonra darıxmağa başlayırlar. Onlardan biri deyir:
- Mən çölə çıxmaq istəyirəm. Gəlin çıxaq. Çox uzağa getmərik, evin önündə oynayarıq.
O biri həvəslə:
- Hə,hə gəl çıxaq, deyə sevinir.
Hər ikisi evdən çıxırlar. Ağaclara, güllərə maraqla baxırlar. Onlardan biri deyir:
- Ora bir bax, qabaqda top var. Görürsən?
- Görürəm.
Qaça – qaça topun yanına gedirlər. Hər ikisi topun üstünə atılırlar. Və elə o andaca qışqırıb oradan qaçırlar. Çünki, bu top yox, tikanlı bir heyvan idi. Bala şirlərin ikisini də tikanlar çox incitmişdi. Onlar ağlaya-ağlaya evə qayıdırlar. Baş verənləri analarına danışanda anaları deyir:
- Ümid edirəm, bu sizə dərs olar. Top sandığınız o heyvan kirpidir. O, özünü tikanları ilə qoruyur.
Hər iki şir balası etdiklərinə çox peşiman olub bir də analarından icazəsiz heç yerə getməməyə söz verdilər.