Tənbəllik
Şahin iş görməyi xoşlamırdı. Ona tapşırılan işi könülsüz görər, sonra "yoruldum" deyib oturardı.Bir gün Şahin kəndə - nənəsinin yanına gəlir. Axşam bir az uşaqlarla oynayan kimi saat səkkiz olmamış yatır.
Səhər nənəsi onu nə qədər oyadırsa, Şahin yorulmuşam deyib durmur.
Nənə günortaya yaxın təndirdə çörək yapıb evə qayıdanda görür ki, Şahin hələ yatıb. O, həyəcanla nəvəsini yuxudan oyadır:
- Şahin, bala, dur ayağa! İndiyə qədər də adam yatar? Tənbəllik səni xəstələndirər ki...
Düzdür, Şahin başa düşmədi ki, Tənbəllik kimdir, adamı necə xəstələndirir? Amma yuxulu olduğundan tənbəllik edib heç nə soruşmadı. Uzanıb Günəşə baxdı. Günəş istisini hər yana yaymışdı. Şahin bərkdən əsnədi, sonra qollarını açıb gərnəşdi. Sonra soruşdu:
- Nənə, adam niyə əsnəyir?
- Əsnəyəndə adamın tənbəlliyi çıxıb gedir.
- Necə gedir, hara gedir? Sən tənbəlliyi görmüsən?
- Yox, görməmişəm. O, həmişə məndən gizlənir, qorxub qaçır.
- Harda gizlənir?
- O çox hiyləgərdir. Hər yerdə gizlənə bilir. Yuyulmamış qabların arxasında, süpürülməmiş zibilin içərisində, doğranmamış odunların arasında, palçıqlı başmaq altında, hətta fırçalanmayan dişlərin arasında da özünə yer tapa bilir.
- Nə danışırsan, nənə, necə də iyrəncdir Tənbəllik!
- Elədir ki var. O, hətta ziyankardır da.
Uşaqları tənbəlləşdirir, onlar dişlərini fırçalamır, dişləri xarab olur, çürüyür. Onda tənbəllik sevinir. Çünki dişlər xarab olanda onun yeri böyüyür, xarab dişlərin arasında özünə yuva düzəldir. Xarab dişlər ağrıyır, Tənbəllik sevinir.
- Mən sevmirəm Tənbəlliyi! Sən də sevmirsən?
- Əlbəttə! Tənbəllik bunu bilir, ona görə də gözümə görünmür. İndi isə qalx, əl-üzünü yu, dişlərini fırçala, tənbəlliyi qovla!
- Bu saat mən ona göstərərəm, – deyib, Şahin vanna otağına keçdi. Həmişəkindən fərqli olaraq tərtəmiz yuyundu. Səhər yeməyini də iştahla yedi.
Bir az cizgi filminə baxdı. Sonra isə hiss etdi ki, gözləri yumulur. Dedi:
- Nənə, yorulmuşam, yuxum gəlir.
Nənə məəttəl-məəttəl soruşdu:
- Neyləmisən ki, yorulasan?
- Dünən uşaqlarla çoxlu futbol oynamışam, yorulmuşam.
Nənə güldü:
- Dünən oynadığın keçmişdə qaldı. Dünəndən yorğunluq qalmaz. Yatıb duranda yorğunluq keçir.
Özünü yorğun hiss eləyirsənsə, deməli tənbəllik səni özünə çəkib deyir: "Gəl, gəl mən tərəfə, dostum ol, dostlarımın sayı artsın!».
- Yox, mən Tənbəlliklə heç vaxt dost olmaram!
- Onda elə isə tut ağacının dibini bellə, sonra ona su ver. Tənbəllik sudan qorxur. Suyu əlində görən kimi qaçacaq.
- Bu saat, - deyib Şahin bağa getdi. Nənəsi deyən kimi elədi. Ağacın dibini belləyib ona su verdi. Ağac elə bil canlandı.
Onun büzüşmüş yarpaqları açıldı, ağac dilə gəlib dedi:
- Sağ ol, oğlan! Məni sevindirdin. Yarpaqlarım tənbəlləşib solmuşdu.
Sonra Şahin hər yana diqqətlə baxdı ki, bəlkə Tənbəlliyi görə. Amma onu heç yerdə görmədi. Gözü həyətin bir küncündə yığılmış zibilə sataşdı. Nənə zibili bir tərəfə yığmışdı ki, vaxt tapanda atsın. Şahin fikirləşdi: "Yəqin, Tənbəllik zibillərin arasında gizlənib, atım, o da çıxıb getsin, mənə yaxın gəlməsin. Şahin elə də etdi. Nənə bunları görüb lap məəttəl qalmışdı. Şahin dayanmır, gah gülləri sulayır, gah qurumuş yarpaqlarını çıxarır, gah da arxın kənarından xırda daşları təmizləyirdi.
Şahin çiyələk kollarının arasından alaq otlarını da təmizlədi. O hər dəfə alaq otunu qaldıranda deyirdi:
- Hardasan, Tənbəllik! Bu saat səni tapıb qovaram! Gizlənə bilməzsən!
Amma heç yerdə axtardığını tapa bilmirdi.
Beləliklə, Şahin bütün günü işlədi. Nənə elə sevinirdi ki... Axı nəvəsi tənbəllik xəstəliyindən sağalırdı.
Sonra Şahin uşaqlarla oynamağa getdi. Onlar çaya çimməyə getdilər. Moruq yemək üçün kol-kosa girdilər, futbol oynadılar, ağaca dırmaşıb alça yedilər, elə maraqlı oldu ki...
Axşam yeməyindən bir az sonra nənə Şahinə dedi:
- Dur yat, yorulmusan! Bu gün bütün günü işləmisən, ora-bura qaçmısan!
- Yox, ay nənə, yorulmamışam! Amma bir şey deyim sənə, Tənbəlliyi heç yerdə tapa bilmədim.
Nənə lap məəttəl qalmışdı.
Şahin tamam dəyişmişdi.
- Lap yaxşı, deməli sən Tənbəlliyi birdəfəlik qovmusan!
Şahin çox sevindi. Çünki o, Tənbəlliyə qalib gəlmişdi. Daha hiyləgər Tənbəllik heç vaxt onu aldada bilməyəcəkdi.
Gözə görünməyən qəhrəman.
Günəşsiz bir gün idi. Yolun kənarı ilə yavaş-yavaş gəzirdim. Görünməz qəhrəmanımız da mənimlə birlikdə addımlayırdı. Birdən o sürətləndi. Nə olduğunu anlamadım. Məndən qabaqda gəzən bir uşağın papağını alıb qaçdı. Başqa bir xalanın da şalını alıb qaçdı. Hər kəs təşvişə düşmüşdü. Kimi paltarının ətəyini tutur, kimi əlindəki kitabı, dəftəri.....
Bizim qəhrəmanımız isə hələ də ordan-bura, burdan-ora qaçırdı. İndi də növbə həyətimizdəki çay bağçasında idi. Qəhrəmanımız bu dəfə stolların üzərindəki süfrələri alıb yerə atdı. Eyvanda oturub çay içən qız aşağıda nələr baş verdiyini öyrənmək üçün boylandı, elə bu anda oxuduğu qəzeti qəhrəmanımız aldı. Bütün küçələr kağız parçaları və sellofanlarla dolmuşdu. Axı, nə baş verirdi belə?
-Eeey, sən kimsən? Niyə bu qədər hirslisən? – deyə ən axırıncı dağıtdığı yerə baxaraq ona səsləndim. Amma o başqa yerdən cavab verdi. Çox qəribədi, bu görünməz adamdır nədir?! Nəhayət o danışdı. Çox sakit və özündən arxayın bir tərzdə "hirsli deyiləm, işimi görürəm” dedi.
-Bəs niyə belə sürətlə ora-bura qaçırsan və hər şeyi uçurursan?- dedim
-Bunu mən etməsəm bitkiləri kim tozlandıracaq, onların nəsilləri necə davam edəcək? Mən ayaqları olmayan bu bitkilərin tozlarını birindən digərinə aparıram bu yolla da onların çoxalmasına xidmət edirəm. Yağış damcısını əmələ gətirən kristalları buludlara çatdırıram. İnsanlar mənim enerjimi hətda elektrikə çevirirlər. Təbii ki, bunları elə-belə necə gəldi etmirəm, Allah məni yönləndirir. İndi də yağacaq yağışın xəbərini gətirmişəm sizlərə. Budur yağış başlayır, artıq mən getməliyəm.
Başımı qaldırıb yuxarı baxdım. Göydən üzümə bir damcı düşdü. O görünməz qəhrəmanımız külək idi. Öz işini gördü: gəldi, əsdi və getdi. Yaxşı yol külək! Yenə də gəl. Yenə də əs. Bu çiçəklər, ağaclar, bütün canlılar səni gözləyir. Dediklərin düz imiş. Bax, xəbərini gətirdiyin yağış da gəldi yamanca islanmışam.
SAYTIN MENYUSU
Block title
Block content
Block title
Block content
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Noyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |